logo

Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb


Yaradılıb: 25-01-2022 10:56

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və xidmətin təşkili  istiqamətində işləri davam etdirir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra işğaldan azad olunmuş daha bir şəhərdə - Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb.

Xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.

Ötən müddətdə Zəngilan rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi   kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Su ilə təmin olunmayan obyektlərin su təchizatı məqsədilə yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və  kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti  içməli su ilə təmin olunub.

Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xəttləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və  qeyri-yaşayış obyekti  içməli su ilə təmin olunur.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Zəngilan və Qubadlı rayonları  ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində  fasiləsiz xidmət təşkil olunub.