logo

Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvlərinin məşğulluğuna dəstək göstərilir


Yaradılıb: 11-01-2022 15:43

   

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış vətənpərvər oğulların ailə üzvlərinin, həmçinin döyüşlərdə iştirak etmiş şəxslərin məşğulluğunun təmin edilməsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də töhfələrini verməkdədir.

 Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər 2021-ci ildə “Azərsu” ASC-yə işə qəbul olunub. İşə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda “Azərsu” ASC-də müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı Birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.

Qeyd edək ki, “Azərsu” ASC-nin 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub  və onlardan 1 nəfər  xidməti vəzifəsini  yerinə yetirərkən yaralanıb.

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması da “Azərsu” ASC tərəfindən daim diqqətdə saxlanılır. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailə içməli su ilə təmin edilib.