logo

Yaponiyanın “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib


Yaradılıb: 27-12-2021 16:33

         

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçisi “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov  Azərbaycanda həyata keçirilən  infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.  Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində içməli su təchizatı və tullantı su sistemləri yenidən qurulub.

Məsləhətçi şirkətin nümayəndəsi Naoto Toda “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”  çərçivəsində işlərin uğurla icra edildiyini vurğuyaraq həyata keçirilən layihələrin əhalinin sosial rifahının və məişət şəraitini yaxşılaşdırdığını diqqətə çatdırıb: “Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”  üzrə kredit sazişi bu ilin sonunda başa çatır, buna görə Azərbaycanı tərk edəcəyəm. 10 ildən artıq ölkənizdə çalışdım və “Azərsu” ASC ilə əməkdaşlıqdan çox məmnun qaldım”.

Qeyd edək ki, Azərbaycan  hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan,  Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Bu şəhərlərdə yeni su mənbələri yaradılıb, anbar kompleksləri, magistral xətlər, içməli və tullantı su şəbəkələri, kollektorlar və tullantı sutəmizləyici qurğular inşa edilib.