logo

Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb


Yaradılıb: 22-12-2021 16:50

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın  qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən obyektdə içməli sudan qeyri-qanuni istifadə edildiyi məlum olub. Belə ki obyektdə 4 mağaza – “Gəncə təndiri” çörək sexi, ət kəsimi məntəqəsi, Al və Oba marketlər fəaliyyət göstərir. Bu obyektlərin su təchizatı şəbəkəyə qanunsuz qoşulmuş xətt vasitəsilə aparılıb. Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindəki qum bazarında da anoloji vəziyyət hökm sürür. Bu obyektdə də su təchizatının qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb. Yeni Günəşli qəsəbəsi AB 98 ünvanında yerləşən qaraj isə ət kəsimi sexi  kimi fəaliyyət göstərib. Bu obyekt abonent kimi qeydiyata alınmayıb və indiyədək içməli sudan qanunsuz istifadə edib.

     

Suraxanı rayonunda bir neçə fərdi həyət evinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Nəzarət tədbirləri keçirilərkən Əmircan qəsəbəsi Bəydəmirov küçəsində qanunsuz olaraq su satışı həyata keçirən sudaşıyan maşın aşkarlanıb. Belə ki, 10 HS 078 dövlət nömrə nişanlı sudaşıyan nəqliyyat vasitəsinin sahibi öz fərdi yaşayış evinin xəttindən küçəyə çıxış verib. Bu xətt vasitəsilə maşınını dolduraraq ayrı-ayrı vətəndaşlara su satışını həyata keçirib. 

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli sudan qanuni istifadə yolları barədə məlumatlandırılıb. Sudan qanunsuz istifadə edənləri bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar - noyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13 993, Suraxanı  rayonu üzrə isə 697 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 4 mln 64 min və 206 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin 11 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı  200-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.