logo

İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olublar


Yaradılıb: 26-11-2021 16:10

   

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri tanışlıq məqsədi ilə Mərkəzi Laboratoriyada olublar. Əvvəlcə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

Mərkəzi Laboratoriyanın rəisi Elçin Əliyev bildirib ki, 2013-cü ildə fəaliyyətə başlayan laboratoriya 1 il sonra Latviya Milli Akkreditasiya Bürosu tərəfindən ISO-17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Laboratoriya beynəlxalq standartların tələblərinə uyğun cihaz və avadanlıqlarla təchiz edilib. Bu cihazlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Su Direktivlərində qeyd olunan parametrlərin tam nəzarətdə saxlanılmasına imkan verir. Hazırda laboratoriyada içməli və tullantı sularının 114 parametri öyrənilir. 2020-ci ildə Mərkəzi Laboratoriyada 74 mindən çox içməli və tullantı su nümunələri üzrə 409 mindən çox göstərici beynəlxalq standartların tələblərinə uyğun şəkildə təyin edilib.

“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə nəzarət edilir. Su nümunələri müxtəlif nöqtələrdən götürülür və analiz olunur. Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Quba, Ucar və Oğuz regional laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib. Regional laboratoriyalar Azərbaycanın ucqar ərazilərdə yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Sonra İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriya ilə əyani tanış olub, içməli və tullantı su bölmələrində aparılan analizləri yaxından izləyiblər.  Şura üzvlərinin təşəbbüsü ilə müxtəlif su nümunələrinin analizi aparılıb.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni Mərkəzi Laboratoriyanın şəraiti və imkanlarının onlarda xoş təəssürat yaratdığını bildirib. Şura üzvləri suyun keyfiyyəti ilə bağlı ictimaiyyətin müraciətlərinin cavablandırılması baxımından laboratoriya ilə əyani tanışlığın böyük əhəmiyyəti olduğunu vurğulayıblar.