logo

Orta istehlak sərfiyyatı verildiyi hallarda dürüstləşmə necə aparılır?


Yaradılıb: 31-08-2021 17:18
Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda bəzən faktiki işlətdiklərindən çox su sərfiyyatı yazılmış bildirişlər alırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında fikir ayrılıqları yaranır. Bəs əslində nə baş verir, belə halla qarşılaşan abonentlər nə etməlidir?
Bununla bağlı Trend İnformasiya Agentliyinin sorğusuna cavab verən "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı qeyd edib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə qaydaları”na əsasən mexaniki su sayğacları mənzilin daxilində yerləşən abonentlərdə vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda orta aylıq sərfiyyata uyğun hesabat aparılır: "Orta aylıq sərfiyyat son 12 ayda istifadə edilmiş su həcminə uyğun müəyyən edilir və buna uyğun olaraq faktura təqdim edilir. Növbəti ay həmin ünvanda faktiki sayğac göstəricisi oxunduqda insan amili olmadan informasiya sistemləri üzərindən proqramsal qaydada dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli 5 kubmetr artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda mənzildə 15 kubmetr su istifadə olunubsa, fakturada bu həcm avtomatik olaraq 10 kubmetr göstərilir. Başqa sözlə, ötən ay artıq hesablanmış 5 kubmetr sərfiyyat bu ay istifadə olunmuş sərfiyyatdan çıxılmaqla dürüstləşmə aparılır".
“Azərsu” ASC olaraq bu istiqamətdə mütəmadi məlumatlandırma aparılır, posterlər və videoçarxlar hazırlanaraq social şəbəkəlrdə paylaşılır. Eyni zamanda təqdim olunmuş bildirişlərin üzərində sayğac göstəricisinin oxunmasına şərait olmadığı üçün aparılmış hesabatın orta istehlak sərfiyyatına uyğun olduğuna dair məlumar əks olunur.
Bundan başqa, “Azərsu” ASC tərəfindən təqdim olunan 19 elektron xidmətdən biri “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırlıması” elektron xidməti abonentlərin ixtiyarına verilib. Onlar sayğacların şəklini çəkib, plomb və sayğac nömrəsini yazıb, digər tələb olunan məlumatları yerləşdirməklə, "Azərsu" ASC-nin saytı (www.azersu.az), Elektron su portalı (www.e-su.az), Elektron hökumət portalı (www.e-gov.az) , eləcə də "Azərsu" ASC-nin Facebook səhifəsinin Messencer bölməsindən bu xidmətdən yararlanmaqla istifadə etdikləri suyun faktiki həcminə uyğun elektron faktura əldə edə bilərlər.