logo

Gəncə şəhərində içməli su layihəsinin icrasında və əhalinin su təchizatında problem yoxdur


Yaradılıb: 06-07-2021 12:45

Milli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub.

Hörmətli Musa müəllimin diqqətinə çatdırmaq istəyirik ki, “Azərsu” ASC əhalinin içməli su təminatı ilə məşğul olur, ağacların və yaşıllıqların suvarılması ilə yox. Abşeron yarımadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyatı qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır. Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu” ASC-yə 134 min manat borcu yaranıb.

Millət vəkilinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verlməsi iddiasına gəlincə, bildiririk ki, bunlar artıq keçmişdə qalıb. Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56 faizi 24 saat fasiləsiz, 14 faizi 12 saatlıq, qalan 30 faizi isə 5-10 saatlıq qrafikli rejimlə su alır.

Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin  yenidən qurulması  layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 mln manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub, içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib.  Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.

Su və kanalizasiya layihəsinin icrası zamanı “Azərsu” ASC tərəfindən hər hansı kəhriz və ya arx da sıradan çıxarılmayıb. Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektərin qazılmış asfalt örtüyü bərpa edilmişdir. 

Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən  qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcəkdir.