logo

Neftçala rayonunda icra olunacaq yeni içməli su layihəsinin təqdimatı keçirilib


Yaradılıb: 19-04-2021 16:26

      

Neftçala Rayon İcra Hakimiyyətində rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən icra olunacaq yeni layihənin təqdimatı keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin su təchizatında yaranmış çətinliklər barədə məlumat verib. Qeyd olunub ki, Neftçala rayonu ərazisində  Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizi suyunun çay boyunca əks istiqamətdə axması əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Ötən müddətdə əhalinin içməli su ilə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. 

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki. Azərbaycan Respublikasının Prezidentinin 11 dekabr 2019-cu il tarixli Sərəncamının icrası çərçivəsində  “Azərsu” ASC tərəfindən Salyan şəhərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su xətti və tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabrından Neftçala şəhəri sakinləri keyfiyyətli içməli su ilə təmin olunur. Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda yeni layihənin icrasına başlanılacaq.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov yeni layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Təqdimat zamanı qeyd olunub ki, Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində icra olunacaq layihə 12 yaşayış məntəqəsini əhatə edir. Bu kəndləri içməli su ilə təmin etmək üçün 11 km uzunluğunda magistral və ümumi uzunluğu 15,5 km olan paylayıcı su xətləri çəkilərək modul sutəmizləyici qurğulara suyun  verilişi təmin olunacaq.

Tədbirdə Neftçala şəhərinin və kəndlərin su təchizatında mövcud vəziyyət, modul tipli su təmizləyici qurğuların su təminatı, ümumi istifadə üçün quraşdırlmış bulaqların və su çənlərinin mövcud vəziyyəti, sudaşıyan maşınlarla suyun daşınması və s. məsələlər müzakirə edilib.