logo

"Azərsu" ASC sədrinin müavini BMT-nin iclasında çıxış edib


Yaradılıb: 24-03-2021 13:19

                     

BMT Baş Assambleyasının təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin su ilə əlaqədar Məqsəd və Hədəflərinin icrası" mövzusunda iclas keçirilib. Tədbirdə 86 ölkədən dövlət və hökümət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edib. İclasa bəzi iştirakçılar onlayn şəkildə qoşulub. İclasda qlobal su problemi və perspektiv hədəflər ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bildirilib ki, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri şirin su ehtiyatlarının azalmasına, bu da öz növbəsində əhalinin ərzaq təminatına və ekoloji təhlükəsizliyə birbaşa təsir göstərir. Su ehtiyatlarının artırılması, təmizlənmiş sulardan təkrar istifadə istiqamətində tədqiqatlar və praktiki işlərin görülməsinin vacibliyi vurğulanıb.

Konfransda Azərbaycan Respublikası adından “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Seymur Seyidov çıxış edərək ölkəmizin su ehtiyatları və içməli su təchizatı sektorunda  görülmüş işlər barədə məlumat verib. Sədr müavini ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldığını, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planının təsdiq edildiyini vurğulayıb. Respublikamızın regionlarında  yeni içməli su mənbələrinin yaradıldığı, şəhər və kəndlərdə içməli su layihələri icra edildiyi xüsusi qeyd olunub.

İşğaldan azad olunmuş ərzilərdə infrastrukturun bərpası işlərinə başlanıldığını bildirən S.Seyidov yeni içməli su infrastrukturunun yaradılması layihələrində mütərəqqi texnologiyaların tətbiqinə xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.