logo

Abşeron rayonunun Saray qəsəbəsində yeni kanalizasiya kollektorunun tikintisinə başlanılıb


Yaradılıb: 11-02-2021 15:36

   

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində əhalinin tullantı sularının axıdılması  xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun  idarə olunmasını təmin edəcək. 

Layihə Bakı-Sumqayıt avtomobil yolunun yaxınlığından başlayaraq Saray qəsəbəsindən keçməklə Sumqayıt şəhərinə qədər böyük bir ərazini əhatə edir. Saray qəsəbəsinin Yeni yaşayış massivində mərkəzləşmiş kanalizasiya sistemləri olmadığından tullantı sularının axıdılmasında problemlər yaranır. Əhali tullantı sularını septik qurğulara (şambolara) və ya tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərlə  yaxınlıqdakı sututarlara axıdır. Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və bu ilin yanvarından tikinti-quraşdırma işlərinə başlanılıb.

   

Layihəyə əsasən qəsəbə ərazisində 200-800 mm diametrli borularla 13 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Tullantı sularının kollektora axıdılmasını təmin etmək üçün kollektorun marşrutu boyu 250  nöqtədə baxış quyuları inşa ediləcək və evlərə  birləşmələr veriləcək. Yeni yaşayış massivinin relyef baxımından çökəkdə yerləşən hissəsinin tullantı sularının  kollektora ötürülməsini təmin etmək üçün məhsuldarlığı sutkada 4800 kubmetr olan kanalizasiya nasos stansiyası və 1 km uzunluğunda təzyiqli xəttin tikintisi də nəzərdə tutulur. Layihənin sürətli icrası məqsədilə hazırda tikinti-quraşdırma işləri eyni vaxtda 5 nöqtədə həyata keçirilir. Kollektorun tikintisinin 2021-ci ilin 3-cü rübündə başa çatdırılması nəzərdə tutulur.

Yeni kollektor Sumqayıt şəhərindəki mövcud 1000 mm diametrli kanalizasiya kollektoruna birləşdiriləcək. Tullantı suları bu kollektor vasitəsilə Sumqayıt tullantı sutəmizləyici qurğusuna yönəldiriləcək və burada təmizlənib kənarlaşdırılacaqdır.