logo

Pirşağı tullantı sutəmizləyici qurğusunda mütəxəssislər üçün təlim keçirilib


Yaradılıb: 23-12-2020 14:37

 

Azərbaycanda həyata keçirilən içməli su təchizatı və tullantı su layihələri çərçivəsində müasir tipli avadanlıqlar və qurğular istismara verilir. Yeni yaradılan infrastrukturların idarəolunması baxımından kadr potensialının gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət daşıyır.

Koreya İxrac-İdxal Bankı ilə birgə maliyələşdirilən layihə çərçivəsində tikintisi başa çatmaqda olan Pirşağı tullantı sutəmizləyici qurğusunda fəaliyyət göstərəcək işçilərin təcrübəsinin artırılması məqsədilə təlimlər keçirilib. Pirşağı tullantı sutəmizləyici qurğusunda təşkil olunan təlimlərdə mühəndislik, kimya, laboratoriya, mexanika, energetika və digər sahələr üzrə 20 əməkdaş iştirak edib. Təlim iştirakçılarına tullantı sularının təmizlənmə texnologiyaları barədə ətrafı bilgilər verilib.

Qeyd edək ki, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi  “Pirşağı Tullantı  Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr  olan bioloji tipli tullantı sutəmizləyici qurğular kompleksinin tikintisi  yekunlaşmaq üzrədir. 

 İnşasında ən son texnologiyalardan istifadə olunan qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılıb. Qurğu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.