logo

"Azərsu" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Yaradılıb: 16-10-2020 15:28

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsi, ölkəmizə qarşı hərbi əməliyyatlar aparması, yaşayış məntəqələrində dinc əhalini atəşə tutması və təxribat xarakterli hərəkətləri ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin və “Azərsu” ASC-nin rəhbərləri adından Dünya Su Şurasının İdarə Heyətinin üzvlərinə və şurada təmsil olunan təşkilatların rəhbərlərinə müraciət ünvanlanıb. Eyni zamanda, “Azərsu” ASC tərəfindən Beynəlxalq Su Resursları Assosiyasiyası, Qlobal Su Təsərrüfatı Liderləri Qrupu, Şəhər Su Təsərrüfatının İdarəedilməsi üzrə Regional Mərkəz, Fransanın Suez Qrup şirkəti və Budapeşt Su İşləri İdarəsi, Cəmiyyətin alimlərinin əməkdaşlıq etdiyi xarici mütəxəssislər Ermənistanın son təxribatları barədə ətraflı məlumatlandırılıb.

Onlara ünvanlanmış müraciətdə qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixindən indiyədək Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Beyləqan, Horadiz şəhərlərinə və cəbhə zonasında yerləşən kənd və qəsəbələri müntəzəm atəşə tutub. Düşmən tərəfin ağır artileriyadan, ballistik raketlərdən və istifadəsi qadağan olunan kaset tipli mərmilərdən istifadə etməsi nəticəsində 43 mülki şəxs öldürülüb, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 fərdi yaşayış evi yararsız hala salınıb. 

Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar prinsiplərə uyğun olaraq adekvat tədbirlər görür.

Müraciətdə qeyd olunub ki, yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində şəhər və kəndlərin su təchizatında da çətinliklər yaranıb. Bəzi yaşayış məntəqələrində hidrotexniki qurğulara, su anbarlarına, subartezian quyularına və paylayıcı şəbəkələrə ziyan dəyib.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalda saxlamasının regional sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı xüsusi vurğulanıb, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan  prinsipial mövqe nümayiş göstərərək Ermənistanın təcavüzkar siyasətinin və təxribat xarakterli fəaliyyətinin pislənməsi barədə çağırış ifadə olunub.