logo

Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri komplekslərinin təməlqoyma mərasimi keçirilmişdir


Yaradılıb: 06-03-2013 14:52
    
 
Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanmışdır. Martın 6-da Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı Səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov,  şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Təməlqoyma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yenidən  qurulduğunu bildirmişdir.  Dövlət başçısının “Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin” tapşırığını xatırladan Səhmdar Cəmiyyətin sədri artıq 23 şəhər mərkəzi və 277 kənddə su təchizatı və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırmışdır: “Bu gün 24-cü şəhərdə - Naftalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayırıq. Bununla da Naftalan şəhərində, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində 14 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdırılacaq. Layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq. Ümidvaram ki, tikinti işləri qısa müddətdə və keyfiyyətlə icra ediləcək, 2 ildən sonra öz bəhrəsini verəcəkdir.
 
    
 
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmiş, Naftalanın inkişafına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Yaponiyanın Azərbaycandakı Səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi  ölkəsinin Azərbaycan hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərək “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində digər şəhərlərdə görülən işlərin gedişindən razı qaldığını ifadə etmişdir. 
“Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Naftalan şəhərində 9800, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində isə 4200 nəfər olmaqla 14 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su Ballıqaya-Goranboy magistral su kəmərindən veriləcək. Bu mənbədən Naftalan şəhərinə 315 mm diametrli borularla 5,9 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarı inşa olunacaq, xlorator qurğusu və inzibati bina tikiləcək. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 200-800 mm polietilen borularla 31 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kollektor inşa ediləcək. Tullantı sularının emal edilməsi məqsədi ilə gələcəkdə çirkab su təmizləyici qurğu tikiləcək. Naftalan şəhərində inşaat işlərini beynəlxalq tenderdə qalib gəlmiş “Çukurova İnşaat Sanayi ve Ticaret A.Ş.” və “Su İstilik Quraşdırma” Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirəcək. Layihə üzrə işlərin 2015-cü ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” 7 şəhər və rayon mərkəzində ( Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan Yevlax və Bərdə) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Qusar, Xaçmaz, Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. Bir neçə aydan sonra isə Qobustan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə start veriləcək.