logo

Xətai rayonunda içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır


Yaradılıb: 27-02-2013 16:14

     

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nəzarət tədbirlərinin  gücləndirilməsi müsbət nəticələr versə də bəzi hallarda istehlakçılar içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

    “Azərsu” ASC-nin Abonent işləri departamenti əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Zığ şossesində  yerləşən ALKO LTD-AZƏR SPİRT MMC şirkətinə məxsus alkoqollu içkilər istehsal edən müəssisədə içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır.  Müəssisənin su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, obyektə diametri 150 mm olan borularla qeyri-qanuni su xətti çəkilmişdir. “Azərsu” ASC əməkdaşları qeyri-qanuni çəkilmiş su xəttini  ləğv etmişdir. Aparılmış qiymətləndirmə nəticəsində içməli sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər 195436 manat 80 qəpik hesablanmışdır.

   Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 2013-cü ilin əvvəlindən fevral ayının 20-dək Bakı şəhəri və ətraf qəsəbələrdə  içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə üzrə 178 fakt aşkarlanmış, aparılmış qiymətləndirmə nəticəsində 473 min manat dəymiş ziyan hesablanmışdır.

    “Azərsu” ASC bir daha istehlakçıların  diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi həyata keçirilir və belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.