logo

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı “Azərsu” ASC-də anım mərasimi keçirilmişdir


Yaradılıb: 25-02-2013 15:12
   
 
Fevralın 25-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
 Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədrinin müavini Mirkamil Seyidov Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsinin bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşdüyünü qeyd etmişdir. M. Seyidov faciənin tarixinə nəzər salaraq bildirmişdir ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı  Xocalı şəhərinə hücum etmiş, bəşəriyyətin ən böyük faciələrindən birini- Xocalı faciəsinin törətmişdir. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri yerlə yeksan edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Hərbi təcavüz nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdir: Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin bütün üzvləri öldürülmüş,  25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş,   487 dinc sakin ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.
          Tarix elmlər namizədi, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli geniş çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş irimiqyaslı cinayət idi. O vaxtlar Zaqafqaziya hərbi əks-kəşfiyyat bölməsinin rəisi işləmiş Vladimir Sovolyov xatirələrində həmin hadisələr zamanı dinc sakinlərə qarşı xüsusi amansızlıq göstərildiyini, hətta qadınlara, uşaqlara və qocalara rəhm edilmədiyini etiraf edmişdir.
Tarixçi-alim qətliamın Sovet ordusunun 366-cı motoatıcı alayı ilə yanaşı, xaricdən cəlb olunmuş xüsusi təyinatlı terrorçu qruplaşmaların iştirakı ilə törədildiyini diqqətə çatdırmışdır.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov faciə ilə bağlı konkret faktlara toxunaraq soyqırım qurbanlarının fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişdir.