logo

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 22-02-2013 14:53
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
“Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Lənkəran şəhərini, eləcə də şəhər mərkəzinə yaxın 12 kənd və qəsəbəni əhatə edir. Layihəyə əsasən şəhərə içməli su Xanbulançay dəryaçasından veriləcək. İstehlakçıları dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə burada yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaq. Lənkəran şəhərin dayanıqlı su təchizatının aparılması üçün 15 min kubmetr tutumu olan su anbarı tikiləcək. Hazırda sutəmizləyici qurğular və su anbarları kompleksində tikintiyə hazırlıq işləri həyata keçirilir. Su mənbəyindən şəhər istiqamətinə   710 mm diametrli borularla 16,5 km olan magistral su xətti çəkilmişdir. 
Layihəyə əsasən Lənkəran şəhərində və ətraf kəndlərdə 200 km uzunluğunda layihələndirilən şəhərdaxili paylayıcı su şəbəkəsinin təxminən 25 km-lik hissəsi  çəkilmişdir.  Ümumi uzunluğu 180 km kanalizasiya şəbəkəsinin isə 20 km-lik hissəsində işlər başa çatdırılmışdır. Gələcəkdə Lənkəran şəhərində yaranacaq çirkab sular məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Tullantı sularının normal axınını təmin etmək üçün şəhərdə  8 ədəd kanalizasiya-nasos stansiyası inşası ediləcək.
Qeyd edək ki, layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 75 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.