logo

"Azərsu" ASC-də 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir


Yaradılıb: 18-02-2013 14:31
    
 
Fevralın 15-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və kanalizasiya sektorunda 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı,  ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının möhtərəm Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Su təchizatı və kanalizasiya sektorunda görülən işlərə toxunan “Azərsu” ASC-nin sədri qeyd etmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son 2 ildə yeni inkişaf dövrünə qədəm qoymuşdur: “Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2012-ci ildə  bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə başlanmışdır. Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulması, Külüllü-Zərdab magistral su xəttinin açılışı ilin mühüm hadisələri kimi tarixə düşmüşdür”.
Daha sonra “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədrin istismar üzrə müavini Köçərli Həsənov, sədrin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov, “Bakı Sukanal” İdarəsinin rəisi Habil Quliyev, “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə  2012-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.   
Tədbirdə qeyd olunmuşdur ki, 2012-ci ildə 1400 km su, 630 km kanalizasiya xətləri çəkilmiş, 45 anbar və 5 ədəd nasos stansiyası tikilmiş, 35 ədəd artezian və subartezian quyuları qazılmışdır. Hesabat dövründə 20 minə qədəri smart-kart tipli olmaqla 64 min sayğac quraşdırılmışdır.  2012-ci ildə ölkə üzrə 370 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş 400 mindən artıq vətəndaşın su təchizatı yaxşılaşmışdır.
“Azərsu” ASC-nin AzersuCİS layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsində birinci yerə və Səhmdar Cəmiyyətin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülməsi də ilin mühüm uğurlarından olduğu vurğulanmışdır.
2012-ci ildə Səhmdar Cəmiyyətdə maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığı, əməyin təhlükəsizliyi və sosial məsələlərə diqqət artırılmışdır.
 “Azərsu” ASC-nin sədri iclasa yekun vuraraq 2013-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. 2013-cü ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin sürətləndiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri layihələrin icrasına mütəmadi nəzarət edilməli olduğunu diqqətə çatdırmışdır. Q.Hüseynov “Azərsu” ASC-nin yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulamışdır.
“Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan-qeyri-qanuni istifadə hallarının azaldılması, texniki və istismar sahəsində  tədbirlərin görülməsi üzrə ciddi tapşırıqlar vermişdir. Q.Hüseynov abunəçilərdən nağd ödəniş qəbul edən, eləcə də  içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarına laqeyd yanaşan əməkdaşlara qarşı ciddi tədbirlər görüləcəyini bildirmişdir. “Azərsu” ASC-nin sədri istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abunəçilərlə normal ünsiyyət və davranış qaydalarının təmin edilməli olduğunu qeyd etmişdir. Q.Hüseynov  2013-ci ildə genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyini, bu sahədə Səhmdar Cəmiyyətin hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır: “Bizim əsas məqsədimiz əhalinin daha böyük hissəsinə xidmət göstərmək, daha çox vətəndaşı keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməkdir. Bu sahədə 2013-cü ildə daha çox işləməli olacağıq. Ümid edirəm ki, su təsərrüfatı işçiləri vəzifələrini şərəflə yerinə yetirərək möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə öz töhfələrini verəcəklər”.