logo

Bütün yaşayış məntəqələrində Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su layihələri icra ediləcəkdir


Yaradılıb: 13-02-2013 11:37
    
 
Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Prezident İlham Əliyev 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki,  2003-2012-ci illərdə Azərbaycanda  ümumi daxili məhsul 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artmışdır. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil etmişdir. Konfransda çıxış edən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülən işləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, həyata keçirilən tədbirlər ölkəmizin inkişafında böyük rol oynamışdır. Regionlarda həyata keçirilən infrastruktur layihələrinə toxunan dövlət başçısı bu sahədə  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin xüsusi yer tutduğunu qeyd etmişdir: “İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il Dövlət İnvestisiya Proqramı çərçivəsində bu məqsədlərə böyük həcmdə vəsait qoyulmuşdur. Bu il də təxminən 800 milyon manata yaxın, bəlkə ondan da çox vəsait nəzərdə tutulur. Yenə də biz məqsədi maksimum şəkildə götürürük ki, bütün yaşayış məntəqələrində - Bakıda, bütün şəhərlərdə və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su layihələri icra edilsin.
Bu işlər bütün bölgələrdə geniş vüsət almışdır. Bütün dövrlərdə qarşımızda duran bu böyük problem əminəm ki, yaxın illərdə öz həllini tapacaqdır. Onu da qeyd etmək istəyirəm ki, biz bu layihələri əhalinin artımını nəzərə almaqla elə qururuq ki, ən azı 2035-ci ilə qədər öz səmərəsini təmin etsin. Beləliklə, bu məsələ həll ediləndən sonra demək olar ki, bütün bölgələrdə kommunal və infrastruktur layihələri icra olunacaqdır”.
İnfrastruktur layihələrinin davam etdirilməsinin vacib olduğunu xatırladan dövlət başçısı  layihələrin keyfiyyətlə və vaxtında icra edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.