logo

Novxanı qəsəbəsindən Sumqayıt şəhərinədək kanalizasiya kollektoru çəkilir


Yaradılıb: 04-02-2013 17:11
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abşeron rayonunun Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər olan ərazilərdə çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün növbəti layihənin icrasına başlanmışdır.
 Qeyd edək ki, icrasına 2011-ci ilin ikinci yarısında başlanmış ilkin layihə çərçivəsində Novxanı qəsəbəsi ərazisində 1000 mm diametrli  GRP (şüşəlifli) və polietilen borulardan ibarət 6 km uzunluğunda kanalizasiya kollektoru çəkilmişdir. Hazırda bu xəttin davamı olaraq Novxanı qəsəbəsindən Sumqayıt şəhərindəki çirkab sutəmizləyici qurğuya qədər 7175 metr uzunluğunda 1600 mm diametrli polietilen borularla yeni kollektor çəkilir. İnşasına cari ilin yanvar ayında başlanmış kollektorun 200 metrdən çox hissəsində işlər yekunlaşmışdır. Ümumilikdə tikinti işlərinin 2013-cü ilin may ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Kollektor istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Yeni kollektora toplanan tullantı suları elektrik enerjisi sərf edilmədən özuaxımlı rejimdə Sumqayıt çirkab su təmizləyici qurğular kompleksinə nəql olunacaq. Burada çirkab sular emal olunduqdan sonra Xəzər dənizinə axıdılacaq.  Bununla da  Novxanı qəsəbəsinin və bağ massivlərinin, eləcə də ərazidəki istirahət mərkəzlərinin tullantı sularının birbaşa dənizə axıdılmasının qarşısı tam alınacaq.