logo

Saatlı və Sabirabad şəhərlərinə magistral su xəttinin çəkilişi üçün tender elan edilmişdir


Yaradılıb: 01-02-2013 14:52
  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Hacıqabul rayonu Talış kəndi ərazisində yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral su xəttinin tikintisi üzrə tender elan etmişdir. Azərbaycan hökumətinin iştirak payı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində tikiləcək magistral su xətti Saatlı və Sabirabad şəhərlərində və ətraf kəndlərdə istehlakçıların içməli su təchizatını yaxşılaşdıracaq.
  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada (ingilis dilində) təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. Təkliflər 550 min ABŞ dolları məbləğində Tender Zəmanəti ilə birlikdə 19 mart 2013-ci il tarixədək təqdim olunmalıdır.  
  Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Saatlı və Sabirabad şəhərlərində su təchizatı və kanalizasiya infrastrukturları da yaxşılaşdırılacaq. 2012-ci ildə hər 2 şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə beynəlxalq tenderlər keçirilmiş və  layihə üzrə işlərin təməli qoyulmuşdur.  Layihəyə uyğun olaraq Saatlı və Sabirabad şəhərlərində  paylayıcı su xətlərinin və kanalizasiya şəbəkələrinin yenidən qurulması, su anbarları tikintisi,  nasos stansiyaları və yanğın hidrantlarının quraşdırılması nəzərdə tutulur.