logo

Smart-kart tipli su sayğaclarının quraşdırılması işləri sürətləndirilmişdir


Yaradılıb: 30-01-2013 16:00
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirmişdir. 2012-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında 19700 ədəd  smart-kart tipli sayğaclar quraşdırılaraq istismara verilmişdir. Bunlardan 7560 ədədi əhali qrupu, 12140 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.
Qeyd edək ki, smart-kart tipli su sayğacların quraşdırılmasına 2012-ci ilin may ayında başlanmışdır. İlkin mərhələdə smart-kart sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə etmişdir. 2012-ci ilin oktyabr ayından əhali qrupu abunəçiləri də  smart-kart tipli sayğaclarla təchiz edilmişdir. Smart-kart sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılmışdır. Bölgələrdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.
Ümumilikdə 2012-ci ildə mexaniki və elektron tipli 65 min ədəd su sayğacı quraşdırılmışdır. 2013-cü il yanvarın 1-ə olan məlumata görə, “Azərsu” ASC üzrə abunəçilərin  550 minə qədəri və ya 47,5 faizi sayğaclarla təmin olunub.   
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması Səhmdar Cəmiyyətin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.