logo

"Azərsu" ASC-də Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 29-01-2013 13:21
  
 Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının (Almaniya İnkişaf Bankı) birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində bankın layihə meneceri Ursula Hister və baş mühəndisi Tomas Volfdan ibarət missiyası Azərbaycanda səfərdədir. Yanvarın 29-da “Azərsu” ASC-də bankın nümayəndə heyəti ilə görüş keçirilmişdir.
“Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyev Azərbaycan hökumətinin infrastruktur layihələrin icrasında beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. KfW Bankının layihə meneceri Ursula Hister  bu əməkdaşlığı yüksək qiymətləndirərək təmsil etdiyi qurumun Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcəyini diqqətə çatdırmışdır.
Görüşdə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin vəziyyəti və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunmuşdur. 3 gün davam edəcək səfər çərçivəsində nümayəndə heyəti ilə keçiriləcək görüşlərdə  tikinti, idarəetmə, suyun təmizlənməsi, sayğaclaşma, maliyyə və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankı arasında 20 dekabr  2012-ci il tarixdə “Açıq Kommunal İnfrastruktur Proqramı II”  üzrə imzalanmış sazişlərə əsasən bank Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi üçün 102 milyon avro (100 mln avro kredit, 2 mln avro qrant) ayırmışdır. Bu vəsaitin 43 milyonu Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 milyonu hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaqdır. 2 milyon avro məbləğində qrant isə Gəncə və Şəki Sukanal İdarələrinin 2 il müddətinə idarə olunmasına yönəldiləcəkdir.
“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin birinci mərhələsində Şəki şəhərində su mənbəyinin bərpası, magistral boru xətləri və yeni su anbarlarının inşası, Gəncə şəhərində isə su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq Şəki şəhərində birinci mərhələ üzrə işlər yekunlaşmış, Gəncədə isə  birinci mərhələ üzrə işlərin böyük əksəriyyəti yerinə yetirilmişdir. Bu layihənin icrası nəticəsində hər 2 şəhərdə ümumilikdə 500 min nəfər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.