logo

Macarıstan şirkəti "Azərsu" ASC ilə əməkdaşlıqda maraqlıdır


Yaradılıb: 17-01-2013 16:34

      

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Budapeşt şəhər su idarəsinin rəhbəri və “Water Business Cluster” şirkətinin baş katibi Qsaba Haranginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Səhmdar Cəmiyyətin sədri Azərbaycanda gedən inkişaf prosesləri, həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat vermişdir. Qorxmaz Hüseynov qonaqların diqqətinə çatdırmışdır ki, son illər cənab Prezident İlham Əliyevin tapşırığı ilə paytaxt Bakıda və regionlarda iri su və kanalizasiya layihələri icra olunur və bu zaman dünyanın ən son texnologiyaları tətbiq olunur: ““Azərsu” ASC həm içməli su, həm kanalizasiya, həm də yağış sularının idarə olunması layihələrini icra edir. Bu işlərin böyük bir hissəsi dövlət büdcəsindən ayrılan investisiya hesabına maliyyələşdirilir. Eyni zamanda 10-dan artıq layihə beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına reallaşdırılır. Biz bu sahədə islahatlar aparmış və artıq infrastrukturu yenidən qurmuş şirkətlərin təcrübəsini öyrənirik. Vaxtilə həm Azərbaycan, həm də Macarıstan sosialist sisteminin tərkib hissəsi olub və bu baxımdan Sizin şirkətin təcrübəsi bizim üçün maraqlıdır. Odur ki, “Water Business Cluster” şirkəti ilə əməkdaşlıqda maraqlıyıq”.

   Macarıstan şirkətinin baş katibi Qsaba Harangi ötən əsrin 90-cı illərindən etibarən Budapeşt şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıldığını və köhnəlmiş texnologiyanın tam yeniləndiyini bildirmişdir. O, qazandıqları təcrübədən Azərbaycanda istifadə edilməsində və konkret layihələrdə iştirakda maraqlı olduqlarını “Azərsu” ASC-nin sədrinin diqqətinə çatdırmışdır: “Təmsil etdiyim şirkət Azərbaycanda su və kanalizasiya layihələrində iştirak etmək məqsədini qarşıya qoyub. Azərbaycan hökuməti tərəfindən bu sektora ciddi dəstək verildiyindən də xəbərdarıq. Bizim şirkət su anbarlarının, çirkab sutəmizləyici qurğuların, həmçinin kanalizasiya və yağış sularının axıdılması üçün tunellərin layihələndirilməsi, eyni zamanda tikintisində ixtisaslaşıb. İndiyə qədər Rusiyanın Nijni Novqorod, Samara və Saransk şəhərlərində iri layihələr həyata keçirmişik”.

  

   Abşeron yarımadasında 200 km-dən artıq tunel tipli kanalizasiya kollektorunun, regionlarda 45-dən artıq çirkab  sutəmizləyici qurğunun tikiləcəyini söyləyən “Azərsu” ASC-nin sədri Macarıstan şirkətini keçiriləcək tenderlərdə iştiraka dəvət etmişdir.

   Görüşdən sonra macarıstanlı qonaqlar Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Xırdalan şəhərində yağış sularının axıdılması üçün kollektorun və Mərkəzi laboratoriyanın yeni binasının tikintisi ilə tanış olmuşlar.