logo

İçməli su və kanalizasiya layihələrinin böyük əksəriyyəti 2013-cü ildə başa çatacaqdır


Yaradılıb: 16-01-2013 10:50
        
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.  İclasda çıxış edən Prezident İlham Əliyev  bildirmişdir ki, 2012-ci ildə ölkədə sosial və iqtisadi vəzifələr uğurla icra edilmiş, Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sənayesi 8 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz artmış, inflyasiya 1,1 faiz səviyyəsində olmuşdur. Dövlət başçısı ötən il sosial proqramların uğurla icra olunduğunu diqqətə çatdırmış, ölkədə sənayeləşmənin genişləndirilməsi, kiçik və orta sahibklarlığın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tədbirlərin görüldüyünü bildirmişdir.
Prezident İlham Əliyev böyük infrastruktur layihələrinin icrasının  2013-cü ildə də davam etdiriləcəyini bəyan edərək su təchizatı və kanalizasiya layihələri üzrə görülən işləri yüksək qiymətləndirmişdir: “Biz ardıcıl olaraq bir neçə il bundan əvvəl içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlamışıq. Bu, çox böyük layihədir. Ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu da tarixi bir nailiyyət olacaqdır. Çünki təmiz içməli su ilə əhalimizi təmin etmək çox böyük işdir. İnsanların rahatlığı, sağlamlığı üçün bunun əvəzsiz rolu olacaqdır”.
Dövlət başçısı investisiya proqramında nəzərdə tutulan infrastruktur layihələrinin keyfiyyətlə və vaxtında icra edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.