logo

Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq


Yaradılıb: 10-01-2013 16:30
 
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  üzrə keçirilmiş beynəlxalq tender yekunlaşmışdır. Tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Türkiyə-Azərbaycan birgə müəssisəsi  “Çukurova İnşaat Sanayi ve Ticaret A.Ş.” və “Su İstilik Quraşdırma” qalib elan edilmiş və həmin təşkilatla  müqavilə imzalanmışdır.
Layihəyə əsasən, Naftalan  şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün diametri 315 mm olan polietilen borularla 5,9 km  uzunluğunda su xətti çəkiləcək,  hər birinin tutumu 3 min kubmetr olan 2 su anbarı və xlorator qurğusu tikiləcək. Naftalan şəhərində çirkab suların idarəedilməsi məqsədi ilə müxtəlif diametrli borularla  31 km uzunluğunda kanalizasiya şəbəkəsi və  2 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcək. Layihə çərçivəsində yeni inzibati binanın tikintisi və istehsalat sahəsinin yaradılması nəzərdə tutulur.
Tikinti-quraşdırma işlərinə cari ilin yanvar ayının sonuna qədər başlanılacaq. İnşaat işlərinin 2015-ci ilin fevral ayına qədər başa çatdırılması nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra Naftalan şəhərində 10 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.