logo

Pilot layihənin icrası uğurla yekunlaşmışdır


Yaradılıb: 08-01-2013 14:26
  
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” dövlət proqramı çərçivəsində əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində icra edilən pilot layihə yekunlaşmışdır. İcrasına 2012-ci ilin iyul ayında başlanmış pilot layihə çərçivəsində Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi tamamilə yenidən qurulmuşdur. Bununla da 4571 nəfər sakin (1187  abunəçi)  24 saat fasiləsiz  rejimdə içməli su ilə təmin olunmuşdur. 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini Köçərli Həsənov pilot layihə çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, magistral şəbəkə və su anbarında, eləcə də binadaxili sistemlərdə əsaslı yenidənqurma işləri aparılmışdır.  Yaşayış binalarını içməli su ilə təmin edən su-nasos stansiyası və uzun müddət istifadəsiz qalmış 2000 kubmetr tutumu olan su anbarı əsaslı təmir edilərək hidrofor sistemi ilə təchiz edilmişdir: “Layihə çərçivəsində ərazini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan 2,3 km uzunluğunda metal borulardan ibarət magistral xətt polietilen borularla əvəzlənmişdir. Su anbarının girişində və nasos stansiyasının çıxışında su sayğacları quraşdırılmışdır ki, bunun da nəticəsində verilən suyun dəqiq uçotunun  aparılması mümkün olmuşdur.”
Binaların zirzəmilərində təxminən 25-30 il əvvəl çəkilmiş aşağı paylayıcı şəbəkə və mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilmişdir. Supaylayıcı xətlər pilləkən qəfəsələrinə çıxarılaraq binaların su təchizatı sistemləri tamamilə yenidən qurulmuşdur. Ümumilikdə 13,5 km uzunluğunda müxtəlif diametrli polietilen borularla binadaxili su xətləri çəkilmiş, mənzillərə 1187 ədəd birləşmə verilərək smart-kart tipli su sayğacları, yanğın təhlükəsizliyini təmin etmək üçün isə 5 ədəd yanğın hidrantı quraşdırılmışdır.
Magistral və binadaxili su xətlərinin yenidən quraşdırılması nəticəsində su itkisinin qarşısı tam alınmış, binaların zirzəmilərindəki antisanitar vəziyyət aradan qaldırılmışdır. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların nəzarətdə saxlanmasını və  texniki xidməti asanlaşdırmışdır. Ümumilikdə pilot layihənin icrası nəticəsində;
- Su təchizatının 24 saatlıq rejimlə təmin edilməsi,
- Su itkilərin qarşısının tam olaraq alınması,
- Yığım səviyyəsinin yüksəldilməsi,
- Su təchizatında məsrəflərin ( enerji, əmək və s.) minimuma endirilməsi,
- Uçot və nəzarət işinin təşkilində, xidmət haqlarının yığılmasında insan amilinin aradan qaldırılması.
- Binalarda sanitar vəziyyətin yaxşılaşdırılması,
- Binaların zirzəmilərinə su axıntısının qarşısının alınması və tikililərin texniki təhlükəsizliyinin təmin edilməsi mümkün olmuşdur.
          K. Həsənov pilot layihənin uğurla həyata keçirildiyinin xatırladaraq,  həmin işlərin paytaxtın digər rayonlarında da həyata keçiriləcəyini vurğulamışdır. Artıq Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Yasamal, Binəqədi, Nərimanov, Sabunçu rayonlarında çoxmərtəbəli yaşayış binalarının fasiləsiz içməli su ilə təmin edilməsi üçün belə layihələrin həyata keçirilməsinə başlanmışdır.
Qeyd edək ki, layihənin icrasına qədər həmin binalara ay ərzində orta hesabla 17,8 min kubmetr su verilirdi və bunun 40 %-i itkiyə getməklə cəmi 10,8 min kubmetri satılırdısa, görülmüş işlər nəticəsində satış həcmi 31,1 min kubmetrə qədər artmışdır.