logo

"Azərsu" ASC-də 2012-ci ildə görülmüş işlərə həsr olunmuş müşavirə keçirilmişdir


Yaradılıb: 27-12-2012 15:04
   
 
Dekabrın 26-da “Azərsu” ASC-də Cəmiyyətin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə 2012-ci ildə su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən bu il də uğurla davam etdirilmişdir. Ötən müddətdə iqtisadiyyat dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulmasını, Külüllü-Zərdab magistral su xəttinin açılışını ilin mühüm hadisələrindən olduğunu diqqətə çatdıran Cəmiyyətin sədri qeyd etmişdir ki, bu layihələr Aran bölgəsinin böyük bir hissəsində su təchizatının yaxşılaşmasına töhfəsini verəcəkdir.
Su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərə toxunan “Azərsu” ASC-nin sədri bildirmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son 2 ildə yeni inkişaf dövrünə qədəm qoymuşdur: “Dövlət proqramlarına uyğun olaraq bütün şəhər və rayon mərkəzləri, eləcə də Bakıətrafı kənd və qəsəbələrin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu sahədə işlərin bir hissəsi layihə mərhələsindədir. 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə isə artıq başlanılıb. Hətta, bəzi layihələr üzrə işlərin ilkin mərhələsi uğurla başa çatmışdır”.  
“Azərsu” ASC-nin sədri Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə görülən işlərə toxunaraq qeyd etmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtın su təchizatında ciddi dönüş yaranmışdır: “Son 1 ildə Bakı şəhərində 300 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş, gələn ilin əvvəllərində isə Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının 200 mindən çox sakini 24 saat su alacaq. 2012-ci ildə 400 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 30 minindən çoxu bölgələrdə yaşayan kənd sakinləridir. Bu tədbirlər nəticəsində 95 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılıb və bu da ayda təxminən 1 milyon kilovatt/saat elektrik enerjisinə qənaət deməkdir.
Bizim əsas məqsədimiz bütün istehlakçıları fasiləsiz içməli su ilə təmin etməkdir. Bakı şəhərində yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı su xətlərinin yenidən qurulması ilə fasiləsiz su alanların xüsusi çəkisi 95 faizə çatdırılacaq”.
Dünyanın ən böyük ultrasüzgəcli qurğusunun Azərbaycanda tikildiyini söyləyən Qorxmaz Hüseynov rekord müddətə istismara veriləcək qurğunun Abşeron yarımadasının içməli su təchizatında müsbət dəyişikliklər yaradacağını demişdir. Onun sözlərinə görə, Abşeron yarımadasını əhatə edən Master Planı üzrə işlər başa çatmaq üzrədir və layihə yekunlaşdıqdan sonra içməli su, kanalizasiya və yağış sularının axıdılması layihələri üzrə tikinti və istismar prosesləri asanlaşacaq.
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində tikilən Mərkəzi Laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək. “Ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya ən müasir avadanlıqlarla təmin olunacaq. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir. Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaqdır”.
Cəmiyyətin rəhbəri AzersuCİS layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsində birinci yerə və Səhmdar Cəmiyyətin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülmələrini ilin mühüm uğurları adlandırmışdır.
2012-ci ildə “Azərsu” ASC-nin fəaliyyətini qənaətbəxş qiymətləndirən Qorxmaz Hüseynov qarşıda duran vəzifələr barədə tapşırıq və göstərişlərini verdi: “Biz 2013-cü ildə daha çox işləməli olacağıq. Ölkənin bütün rayon mərkəzlərində su və kanalizasiya layihələri icra olunacaq, bəzi ərazilərdə işlər yekunlaşacaq. Cənab Prezidentin “Azərbaycan əhalisi 24 saat keyfiyyətli su almalıdır” tapşırığını yerinə yetirmək uçun bütün qüvvələrimizi səfərbər etməliyik”.
Sonda “Azərsu” ASC-nin sədri kollektiv üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək, onlara cansağlığı, firavanlıq və gələcək işlərində uğurlar arzulamışdır.