logo

“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində kredit sazişləri imzalanmışdır


Yaradılıb: 20-12-2012 14:37
 
 
Dekabrın 20-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Hökuməti ilə Almaniyanın KfW Bankı (Almaniya İnkişaf Bankı) arasında 5 saziş imzalanmışdır. Sazişləri Almaniyanın KfW Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov imzalamışdır. Sazişlərə əsasən Almaniyanın KfW Bankı Azərbaycan Hökumətinə 105,5 mln avro vəsait ayıracaq. Bunun 102,5 milyonu kredit, 3 milyonu isə qrantdır. İmzalanmış sazişlərə əsasən vəsaitin 102 milyonu su təchizatı və kanalizasiya layihələrinin icrası məqsədilə “Azərsu” ASC-yə, 3,5 milyonu isə kadastr layihələrinin icrası üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılacaq.
İmzalanma mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycan Hökumətinin infrastruktur layihələrin icrasında beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, Azərbaycan Hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə 380 mln avro maliyyə yardımı edilmişdir. 2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 44 faiz artdığını xatırladan baş nazirin müavini bu göstəricinin ikitərəfli əməkdaşlığın dinamik inkişafından xəbər verdiyini vurğulamışdır.
 
  
 
Almaniya İnkişaf Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller bankın Azərbaycan Hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, indiyədək bank infrastruktur və özəl sektorun dəstəklənməsi layihələrində yaxından iştirak etmişdir və bundan sonra da bu missiyanı davam etdirəcəkdir: “Almaniya bankının maliyyə yardımı ilə reallaşdırılan Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 500 minə yaxın Azərbaycan vətəndaşının içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaqdır”.
Qeyd edək ki, “Açıq Kommunal İnfrastruktur Proqramı II”  üzrə imzalanmış sazişlər Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsini nəzərdə tutur. Bu məqsədlə ayrılan 102 milyon avro (100 mln avro kredit, 2 mln avro qrant) vəsaitin 43 milyonu Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 milyonu hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaqdır. 2 milyon avro məbləğində qrant isə Gəncə və Şəki Sukanal İdarələrinin 2 il müddətinə idarəedilməsinə sərf olunacaqdır.
“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin birinci mərhələsində Şəki şəhərində su mənbəyinin bərpası, magistral boru xətləri və yeni su anbarlarının inşası, Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq Şəki şəhərində birinci mərhələ üzrə işlər yekunlaşmış, Gəncədə isə işlərin böyük əksəriyyəti yerinə yetirilmişdir.