logo

“Azərsu” ASC ilə Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır


Yaradılıb: 19-12-2012 14:12
         Dekabrın 19-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə imzalanmışdır. Müqavilə “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.  
İmzalanma mərasimində çıxış edən AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin inşaat mühəndisliyi üzrə kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq bu əməkdaşlığın tərəflər üçün böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır: “Yüksək ixtisaslı kadrlar hazırlamaq üçün hökmən istehsalatla sıx əlaqə yaradılmalı və təcrübə mübadiləsi aparılmalıdır. Hesab edirəm ki, “Azərsu” ASC ilə əməkdaşlıq elmi və praktiki baxımdan universitetimiz üçün faydalı olacaqdır”.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərərk bildirmişdir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, eləcə də kəndlərdə içməli su və kanalizasiya layihələri icra olunur. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi, istifadə olunan son texnologiyaların və xarici təcrübənin mənimsənilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac yaranmışdır. “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından maksimum istifadə olunacaq: “Universitetin bakalavr dərəcəsi almış bacarıqlı mühəndislərinin “Azərsu” ASC-nin Təqaüd Proqramı çərçivəsində xaricdə magistr təhsili alması təmin ediləcək. Bununla yanaşı, təhsildə fərqlənən tələbələrə həvəsləndirici təqaüdlərin verilməsi də nəzərdə tutulur. Səhmdar Cəmiyyətin dəstəyi ilə xaricdən dəvət olunmuş alim və mütəxəssislərin universitetdə mühazirə oxuması da təmin ediləcək”.
Tərəflər arasında razılaşmaya görə universitetin II-IV kurs tələbələri “Yay məktəbi” proqramı çərçivəsində “Azərsu” ASC-nin idarə və müəssisələrində təlimlərə cəlb olunacaq.“Azərsu” ASC-də çalışan mütəxəssislər gələcəkdə universitetdə mühazirələrə, seminarlara, imtahan komissiyaları və elmi şuralara cəlb olunacaqlar. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.
Daha sonra “Azərsu” ASC ilə AMİU arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə imzalandı. Müqaviləni “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzalamışdır.