logo

Regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri uğurla davam etdirilir


Yaradılıb: 14-12-2012 16:11

   

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri  Bakı şəhəri ilə yanaşı regionlarda da davam etdirir.  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

   2012-ci ili 11 ayı ərzində “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi ərazilərdə əhaliyə normal və keyfiyyətli içməli suyun verilməsi, köhnəlmiş avadanlıqların, su və kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.

   Oğuz rayonunun Bayan, Bucaq, Kərimli və Xaçmaz kəndlərində 15,9 km uzunluğunda paylayıcı su xətləri çəkilmiş, 13,2 km uzunluğunda Balaşum-Böyük Söyüdlü magistral su xətləri istismara verilmişdir. Rayonun Baş Daşağıl kəndində içməli su problemini həll etmək məqsədi ilə 3,7 km uzunluğunda su xətti çəkilmiş, 100 kubmetr tutumu olan su anbarı inşa edilmişdir.

   Cəbhəyanı rayonlar olan Ağdamın Şükürağalı, Kolqışlaq və Mirəşelli, Tərtərin Qapanlı və Qazyan, eləcə də Füzuli rayonunun Alxanlı kəndlərində müxtəlif diametrli borularla 27 km uzunluğunda su xətti çəkilmiş, 2 subartezian quyusu qazılaraq hər birinin həcmi 25  kubmetr olan 6 su çəni quraşdırılmışdır.

   Bununla yanaşı Zaqatala rayonunun Danaçı, Salyan rayonunun Xıdırlı, Xızı rayonunun Şurabad və Türkoba, Şabran rayonunun Gilavar, Gədəbəy rayonunun Pərizamanlı kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələr həyata keçirilmişdir. Ümumilikdə 9 rayonun 30-dan çox kəndində 200 km-dək su, 3 km kanalizasiya xətti çəkilmiş, 23 ədəd  subartezian quyusu qazılmış və istismara verilmişdir. Bununla yanaşı, 226 dəst siyirtmə, 14 ədəd müxtəlif tipli elektrik mühərrikləri, 116 dəst müxtəlif tipli su nasosları quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində 32 mindən artıq insanın su təchizatı yaxşılaşmışdır.

   Qeyd edək ki, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC 354 kənd və qəsəbəyə xidmət göstərir.