logo

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 13-12-2012 15:43

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Qafqaz, Şərqi və Mərkəzi Asiya, üzrə departamentinin direktoru Tetsuya Yamadanın başçılıq etdiyi nümayəndə heyəti  ilə görüş keçirilmişdir.

   “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyev  Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya Hökumətinin və şirkətlərinin yaxından iştirakını  xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirmişdir.

   Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Qafqaz, Şərqi və Mərkəzi Asiya üzrə departamentinin direktoru Tetsuya Yamada qeyd etmişdir ki, təmsil etdiyi qurum bundan sonra da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verəcək. 

   Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” barədə müzakirələr aparılmış, layihə üzrə işlərin uğurla davam etdirildiyi vurğulanmışdır. Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”  çərçivəsində 7 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.