logo

"Azərsu" ASC əmək yarmarkasına vakant iş yerləri təqdim etmişdir


Yaradılıb: 07-12-2012 16:01

 

    

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin keyfiyyətli icrasını təmin etmək üçün yüksək ixtisaslı mütəxəssislərin işə qəbuluna xüsusi önəm verir. Bu məqsədlə mütəmadi olaraq kütləvi informasiya vasitələrində vakant iş yerləri barədə elanlar verilməklə yanaşı, tələb olunan ixtisaslar üzrə iş yerləri əmək yarmarkalarına çıxarılır.

   Dekabrın 7-də Azərbaycan Texniki Universitetində “Karyerada ilk addım” devizi altında keçirilmiş tələbə və məzunların növbəti əmək yarmarkasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30-dək vakant iş yeri təqdim edilmişdir. Vakant iş yerləri əsasən su təchizatı və kanalizasiya mühəndisliyi, energetik, mexanik, kimya mühəndisliyi, informasiya texnologiyaları və digər ixtisaslar üzrə olmuşdur. Səhmdar Cəmiyyətin təklif etdiyi vakant iş yerləri böyük maraqla qarşılanmış və sərgi müddətində işə qəbul üçün 145 nəfər müraciət etmişdir. “Azərsu” ASC-nin İnsan resurslarının idarə olunması şöbəsinin əməkdaşları tərəfindən müraciət edənlərin tələb olunan ixtisaslara uyğunluğu yoxlanılmış və onlardan 24 nəfər müsabiqədə iştirak etmək üçün seçilmişdir. Növbəti mərhələdə həmin namizədlər “Azərsu” ASC-də təşkil olunacaq test imtahanlarında iştirak edəcəkdir.

   Qeyd edək ki, “Azərsu” ASC-də yeni işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə  imtahanı), ikinci mərhələ isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Namizədlərin bilik və bacarığının  yoxlanılmasında həlledici rolu iddiaçıların göstərdikləri nəticələr oynayır.