logo

Ağdaş şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinə başlanmışdır


Yaradılıb: 04-12-2012 15:28

                     

  Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsi başlanmışdır. Bu mərhələdə  Ağdaş  şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq, sugötürücü qurğuların tikintisi başa çatdırılacaqdır.

    Layihəyə uyğun olaraq Ağdaş şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması məqsədi ilə 134 kilometr  uzunluğunda şəhərdaxili su xətləri çəkilməlidir. Noyabr ayında inşaat işləri başlanandan 1 km uzunluğunda su xətti çəkilmişdir. Bununla paralel olaraq tikintisi nəzərdə tutulan 121 km kanalizasiya xəttinin 3 km-lik hissəsində işlər başa çatdırılmışdır. Layihəyə əsasən 7600  ünvan paylayıcı su şəbəkəsinə, 5250 ünvan isə  kanalizasiya şəbəkəsinə qoşulacaqdır.

   Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılacaq və hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı tikiləcək. Şəhərdə toplanmış məişət-tullantı sularının təmizlənməsi üçün çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq Ağdaş şəhərinin küçələrində 300-ə qədər yanğın hidrantı da quraşdırılacaqdır. Layihə üzrə işlər tam başa çatdıqdan sonra Ağdaş şəhərində 30 minə qədər şəhər sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.

   Xatırladaq ki, icrasına 2008-ci ildə başlanmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Ağdaş şəhərində texniki və təşkilati işlər həyata keçirilmişdir. Bu mərhələdə şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyusu qazılmış, sugötürücü kamera daxil olmaqla həcmi 2000 kubmetr olan yeni su anbarı, xlorator  və  laboratoriya binası, nasos stansiyası tikilmişdir. Eyni zamanda “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) üçün yeni inzibati bina və istehsalat bazası inşa edilmiş, zəruri maşın və mexanizmlər alınmışdır. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılmışdır.

   Qeyd edək ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhəri ilə yanaşı Göyçay, Beyləqan, Balakən və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır.