logo

Binə qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 06-11-2012 14:29

            

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində işlər  sürətləndirilmişdir. 11 km uzunluğunda magistral su xəttinin və 6 km uzunluğunda kanalizasiya kollektorunun tikintisinin cari ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur. 

  Növbəti mərhələlərdə Binə qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ev üçün qoşulma veriləcək və sayğac quraşdırılacaq. Layihəyə uyğun olaraq Binə qəsəbəsində müxtəlif diametrli borularla 320 km uzunluğunda qəsəbədaxili içməli su xətti, 296 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Qəsəbənin normal su təchizatını təmin etmək məqsədi ilə hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının tikilməsi də nəzərdə tutulur. Bu anbarlardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək. Qeyd edək ki, qəsəbəyə içməli su tikintisi davam edən Ceyranbatan-Balaxanı-Ramana-Zirə kəmərindən veriləcək. 

  Layihənin icrası başa çatdıqdan sonra Binə qəsəbəsinin 70 mindən artıq sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Qəsəbədə yaranan tullantı suları toplanaraq təmizlənmək üçün çirkab sutəmizləyici qurğuya ötürüləcək.