logo

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir


Yaradılıb: 05-11-2012 15:34

                

  Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilmişdir.

  Azərbaycan xalqının ümummilli lideri Yeni Azərbaycan Partiyasının qurucusu və ilk sədri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilmişdir. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq partiyanın ölkənin ictimai-siyasi həyatında misilsiz xidmətləri olduğunu bildirmişdir. Azərbaycanın tarixində özünəməxsus yer tutan, yaradıcısı  Ulu öndər  Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının amalı dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın sosial rifah halını yaxşılaşdırmaqdan ibarət olmuşdur. “Ölkənin su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan iri layihələr Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə Kür Sutəmizləyici Qurğular Kompleksi tikilmiş, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına qərar verilmiş, su təchizatı sektoruna böyük həcmdə xarici investisiyalar cəlb edilmişdir. Bu sahədə işlərin məntiqi davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Bu gün Bakı şəhəri və Abşeron yarımadasından başqa, ölkənin 35 şəhəri və 265 kəndinin su təchizatı yenidən qurulur”.

  Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azərsu” ASC üzrə ilk ərazi təşkilatının sədr müavinləri Etibar Məmmədov və Heydər Abbasov, partiya üzvü Nərgiz İlyasova ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış,  Ulu öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs etmişlər.

 Tədbirin sonunda partiya sıralarına qəbul edilən 24 nəfərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

  Qeyd edək ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2520 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Bunların 450 nəfəri isə son bir ildə partiya sıralarına qəbul olunublar.