logo

Prezident İlham Əliyev Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur


Yaradılıb: 08-10-2012 13:41

               

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Zərdabda Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur. 

 Dövlətimizin başcısı Küllülü-Kürdəmir-Ucar su kəmərinin planı və tikintisi prosesini əks etdirən stendlə tanış oldu. 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə 2011-ci ilin sentyabrında başlanılmışdır. Kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaqdır. 
   Qeyd olundu ki, kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcəkdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulmuşdur. Hazırda Heydər Əliyev parkında tikilən şəlalə rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir. 

   Dövlətimizin başçısı suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı. 

            

  Diqqətə çatdırıldı ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsində içməli su mənbəyi kimi Kür çayı qəbul edilsə də, aparılan araşdırmalardan və texniki iqtisadi əsaslandırmadan sonra rayon mərkəzi ilə yanaşı, kəndlərin də içməli su ilə təmin olunması üçün keyfiyyətli və bol ehtiyatlara malik Küllülü mənbəyinə üstünlük verilmişdir. Layihəyə uyğun olaraq Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsinin yaxınlığındakı Küllülüdə sugötürücü drenaj sistemi tikilmiş və buradan Zərdab şəhərinə magistral su kəməri çəkilmişdir. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi istiqamətində tədbirlər görülür. Layihə çərçivəsində magistral kəmərin keçdiyi ərazilərdə yerləşən və əhalisinin sayı 18 min nəfərdən çox olan 15 kəndə də su veriləcəkdir. Ümumilikdə layihə 2035-ci ilə qədər perspektiv inkişaf və əhalinin artımı nəzərə alınmaqla hazırlanmışdır. Bu kəmərlə istehlakçılara sutkada 8 min kubmetr su veriləcəkdir. Bununla yanaşı, şəhər daxilində müxtəlif diametrli 68 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi və 52 kilometrlik kanalizasiya şəbəkəsi yaradılacaqdır. Hazırda həmin ərazidə tikinti işləri davam etdirilir. “Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə işlərin 2013-cü ilin sentyabrınadək yekunlaşdırılması nəzərdə tutulur.

 Prezident İlham Əliyev Zərdab su kəmərini işə salandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

   Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.