logo

“Azərsu” ASC ilə Fransanın Suez Environment şirkəti arasında müqavilə imzalanmışdır


Yaradılıb: 25-09-2012 14:51

         

Sentyabrın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Fransanın  Suez  Environnment şirkəti arasında “Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək” layihəsi üzrə müqavilə bağlanmışdır. Müqaviləni “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebal imzalamışlar.

   Müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda  təcrübə mübadiləsini nəzərdə tutur.

  İmzalanma mərasimində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur: “Əsas məqsədimiz Azərbaycan əhalisini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməkdir. Buna nail olmaq üçün dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edirik. Abşeron yarımadası üzrə Master Planın hazırlanması üçün Türkiyə şirkətləri ilə müqavilə bağlamışıq və Master Planın ilkin təqdimatı da keçirilib. Ümidvaram ki, Fransa şirkəti ilə əməkdaşlıqdan sonra uğurlarımız daha da artacaq və möhtərəm Prezidentin qarşımızda qoyduğu tapşırıqları vaxtında və uğurla icra edəcəyik”.

   Azərbaycan Prezidentinin Fransaya son səfəri zamanı iş adamları ilə görüşündə iştirak etdiyini xatırladan Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident Erik Gebal su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda aparılan irimiqyaslı layihələrdən xəbərdar olduğunu bildirib: “Dünyanın bir çox ölkəsində işləyən Suez Environnment şirkətinin rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. Sizləri əmin edirəm ki, imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetirəcəyik və təkmil bir sənəd hazırlayıb “Azərsu” ASC-yə təqdim edəcəyik”.

   Xatırladaq ki, Prezident İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşündə Azərbaycanda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlərin aparıldığını bildirmişdi: “Bizim su və kanalizasiya layihələri ilə bağlı böyük planlarımız vardır. Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir. Əlbəttə, Bakı birinci sıradadır, çünki o nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir. Proqram çox genişdir və bizim dövlət şirkətimiz “Azərsu” buna görə məsuliyyət daşıyır. Onlar “GDF-Suez” ilə işləyirlər, yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin reallaşdırılması istiqamətində praktik addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir. Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək mümkün deyil, bəlkə də bu, daha bir neçə ilə başa gələcəkdir..”.