logo

19 yaşayış məntəqəsində 21 subartezian quyusu istifadəyə verilmişdir


Yaradılıb: 18-09-2012 15:50

               

 

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı regionlarda da içməli su təchizatı layihələrinin icrasına  xüsusi diqqət yetirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. İlkin mərhələdə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür. 

  Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ili 8 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının 19 kənd və qəsəbəsində əhalinin suya olan tələbatını ödəmək məqsədiilə “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında 21 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir. “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi ərazilərdə 48,5 km uzunluğunda paylayıcı su xətti çəkilmişdir. Ümumilikdə görülmüş işlər nəticəsində 10 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır.

  Bunlarla yanaşı Salyan rayonunun Xıdırlı kəndinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Kür-Bakı kəmərindən 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilmişdir. Zaqatala rayonunun Danaçı kəndinin su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 200 kubmetr tutumu olan su anbarı tikilmiş, polietilen borularla 5,6 km uzunluğunda magistral,  2 km uzunluğunda isə kənddaxili su xətləri çəkilmişdir.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC ölkənin 54 rayonuna xidmət göstərir.