logo

Abşeron rayonunun Məhəmmədi və Fatmayı qəsəbələrində su təchizatı və kanalizasiya sistemləri yaxşılaşdırılır


Yaradılıb: 17-09-2012 15:25

             

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrində  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. İcrasına 2012-ci ildə başlanmış layihəyə əsasən Abşeron rayonunun Fatmayı və Məhəmmədi qəsəbələrində yeni su və kanalizasiya xətləri çəkilir.  

  Abşeron rayonunun Məhəmmədi qəsəbəsində ilkin mərhələdə yeni salınmış yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli polietilen borularla 3500 metr uzunluğunda su xətti çəkilir. Layihəyə uyğun olaraq ərazidə 22 ədəd siyirtmə, 12 ədəd yanğın hidrantı quraşdırılacaq.  İşlər tam başa çatdıqdan sonra Məhəmmədi qəsəbəsinin yeni yaşayış massivində 180 ailə mərkəzləşdirilmiş qaydada içməli su alacaq. Qeyd edək ki, hazırda həmin yaşayış massivində istehlakçılar içməli suyu maşınlarla alır. Bunun ardınca qəsəbənin bütün ərazisində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq.

  Fatmayı qəsəbəsində isə ilkin mərhələdə kanalizasiya xətləri  çəkilir. Layihəyə uyğun olaraq qəsəbədə müxtəlif diametrli polietilen borularla 24,6 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulacaq. Kanalizasiya şəbəkəsi tam istismara verildikdən sonra qəsəbədəki bütün mənzil və obyektlərin məişət-tullantı suları tam toplanaraq təmizləyici qurğuya yönəldiləcək. İkinci mərhələdə isə Fatmayı qəsəbəsinin içməli su təchizatının yenidən qurulması layihəsi icra olunacaq.