logo

Gəncə şəhərinin su təchizatı və kanalizasiya layihəsinin ilk mərhələsi üzrə işlər bu il yekunlaşacaq


Yaradılıb: 11-09-2012 16:17

              

 Azərbaycan Hökumətinin Almaniyanın KfW Bankı və  İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin ilkin mərhələsi 2012-ci ilin sonunadək başa çatdırılacaq.

 Layihəyə uyğun olaraq Gəncə şəhərinin bir hissəsini içməli su ilə təmin edəcək Göygöl su mənbəyindən çəkiləcək 24,5 kilometrlik magistral su xəttinin 20 km-lik hissəsi tikilmişdir. Magistral su xəttinin üzərində həcmi 4 min kubmetr olan su anbarının inşası üzrə də əsas işlər yekunlaşmaq üzrədir. Magistral su xəttinin və su anbarının tikintisinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

  Gəncə şəhərinin digər hissəsini içməli su ilə təmin edəcək Qızılqaya su mənbəyində bərpa işləri davam etdirilir. Bu mənbədən şəhərə qədər çəkiləcək 2100 metrlik xəttin artıq 1600 metrlik hissəsində işlər yekunlaşmışdır. Layihəyə uyğun olaraq burada tikilən ümumi tutumu 12 min kubmetr olan  3 ədəd yeni su anbarının inşası üzrə işlərin 40 faizə qədəri görülmüşdür.

 Qeyd edək ki, 2 mərhələdə həyata keçirilən Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi çərçivəsində şəhərin təqribən yarısını əhatə edən şəbəkələr üzrə tender prosedurası başa çatmış və qalib şirkətlə podrat müqaviləsi imzalanmışdır. Tikinti işlərinin başlanması üçün hazırlıq işləri aparılır. Şəhərin qalan hissəsində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə isə tender sənədləri hazırlanaraq Almaniyanın KfW Bankına təqdim edilmişdir.

  Layihə çərçivəsində Gəncə şəhərində ümumi  tutumu  39 min kubmetr olan 5 ədəd yeni su anbarı tikiləcək, müxtəlif diametrli borularla 576 km uzunluğunda paylayıcı su xətti, 582 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 52 minə qədər ünvanda birləşdirmə aparılacaq və sayğac quraşdırılacaq.

 Gəncə şəhərində çirkab sutəmizləyici qurğuların tikintisi üzrə texniki iqtisadi əsaslandırma sənədləri hazırlanmış, yaxın vaxtlarda tender prosesinə başlanılacaq.

  Qeyd edək ki, layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 388 min nəfərin keyfiyyətli içməli su ilə təmin edilməsinə  və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.