logo

“Azərsu” ASC-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 30-08-2012 14:43

                                      

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Azərbaycanda səfərdə olan  Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru  Tetsuya Yamadanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya Hökumətinin və şirkətlərinin iştirakını  xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirmişdir: “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərində işlərə başlanılıb, Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərləri üzrə isə tender prosedurları yekunlaşmaq üzrədir. 2012-ci ilin sonuna qədər  bu  4 şəhərdə də işlərə başlanılacaqdır”.

  Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən YBƏA-nın Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Tetsuya Yamada qeyd etmişdir ki, təmsil etdiyi qurum  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin uğurla icrası üçün dəstəyini əsirgəməyəcək. Görüşdə görülən işlərin və prosedurların  sürətləndirilməsi,  layihələrdə ən son texnologiyanın tətbiqi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.

  Qeyd edək ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 7 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.