logo

Yanvar-iyul aylarında içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkarlanmışdır


Yaradılıb: 23-08-2012 14:35

 

              

 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini gücləndirmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər. Təəssüflər olsun ki, bu cür hallara  daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə  rast gəlinir.   “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının təkcə iyul ayı ərzində həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 75-i Bakı şəhərində, 14-i isə müxtəlif rayonlarda olmaqla  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı  89  fakt aşkarlanmışdır. Müəyyən edilmiş faktlar aktlaşdırıldıqdan və  dəymiş zərər hesablandıqdan sonra 89 fakt üzrə ümumilikdə  160 420 manat dəyərində cərimə tətbiq olunmuşdur. 

   Ümumilikdə  2012-ci ilin yanvar-iyul aylarında “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkar edilmiş, dəymiş zərər qiymətləndirilərək abunəçilər 627 743 manat cərimə olunmuşdur.

   “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.