logo

Sahil qəsəbəsində içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanmışdır


Yaradılıb: 16-08-2012 13:59

                  

 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət  tədbirlərini davam etdirir. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanmışdır. 

   Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində  yerləşən “Alov” Assosiasiyasına məxsus alkoqollu içkilər istehsal edən müəssisinin su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, obyekt qeyri-qanuni çəkilmiş 65 mm diametrli su xəttindən qidalanır.  Müəssisəyə içməli su xammal tarifləri ilə (1 kubmetri 12 manat) satılsa da su təchizatı sayğacdankənar aparılmış və sərfiyyat qeydə alınmamışdır. 

  Bununla yanaşı Sahil qəsəbəsində fəaliyyət göstərən  daha 2 obyektdə - fiziki şəxslər Nadir Qubadova məxsus şadlıq evində və Zöhrab Kərimova aid kafedə içməli sudan qeyri-qanuni istifadə halları  aşkarlanmışdır.

   Hər 3 obyektdə qeyri-qanuni çəkilımiş su xətləri ləğv edilmiş və  faktlar aktlaşdırılmışdır. Qeyd edək ki, sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirildikdən sonra “Alov” Assosiasiyasına və fiziki şəxslərə qarşı cərimə tətbiq  olunacaq.