logo

Abunəçilərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə pilot layihə həyata keçirilir


Yaradılıb: 10-08-2012 17:39

 Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.  Abunəçilərin  fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçirilir. Bu məqsədlə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yeni pilot layihənin   icrasına başlanmışdır.

   Pilot layihə çoxmərtəbəli yaşayış binalarının fasiləsiz rejimdə içməli su ilə təchiz edilməsini nəzərdə tutur.  Layihəyə əsasən Yeni Günəşlinin “Q” yaşayış massivində 27 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi yenidən qurulacaq. Bu məqsədlə müxtəlif diametrli borularla 1280 metr uzunluğunda paylayıcı su xətləri çəkiləcək. Binadaxili su xətləri polietilen borularla yenilənərək su sayğacları ilə birgə pilləkən qəfəslərinə çıxarılacaq.

  Pilot  layihə üzrə tikinti-quraşdırma işləri tam başa çatdıqdan sonra 4200-dək sakinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Uzun illər içməli suyu fasiləli rejimdə su alan sakinlər  dayanıqlı su ilə təmin olunacaq. Yeni layihə çərçivəsində magistral və binadaxili su xətlərinin yenilənməsi qəza hallarının və  su itkilərinin qarşısı almaqla içməli suya qənaət etməyə  imkan verəcək. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların oxunmasını asanlaşdıracaq.