logo

İçməli sudan qeyri-qanuni istifadənin qarşısı alınmışdır


Yaradılıb: 30-07-2012 15:35

                 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

 “Su təchizatı və tullantı suları haqqında” qanunun tələbləri əsas götürülərək belə halların aşkarlanması və aradan qaldırılması məqsədi ilə “Baki Sukanal” idarəsinin Xətai Sukanal departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsi 40 ünvanında  yerləşən “Avto-qarant” Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır. Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə icarə əsasında fəaliyyət göstərən xalçayuma, daş kəsimi, mebel və şüşə  sexlərində içməli sudan qeyri-qanuni istifadə edilmişdir. Su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, həmin obyektlərə içməli suyun verilməsi 25 mm diametrli borularla nəzərdə tutulsa da, qeyri-qanuni çəkilmiş digər 25 mm diametrli xətdən istifadə edilmişdir.

  Araşdırma zamanı  məlum olmuşdur ki, obyekt ərazisindəki 2 subartezian quyusundan çıxarılan sular istifadə olunduqdan sonra kanalizasiya şəbəkəsinə axıdılmış və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edilmişdir.

 Aşkarlanan faktlar obyekt rəhbərliyinin iştirakı ilə aktlaşdırılmış və obyektin su təchizatı dayandırılmışdır. Sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və abunəçi - “Avto-qarant” ASC cərimə olunacaq.

 “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.