logo

Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 04-07-2012 17:06

             

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüşmüşdür. Səhmdar Cəmiyyətin sədri Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin – Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının uğurla icra olunduğunu bildirmiş və bundan sonra da əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini vurğulamışdır.

   Nümayəndə heyətinin rəhbəri, Almaniyanın KfW  bankının Avropa və Asiya üzrə baş direktoru Uve Ohls “Azərsu” ASC tərəfindən son bir ildə layihələrin daha sürətlə icra olunduğunu bildirmişdir. Gəncə və Şəki şəhərlərində layihələrin ikinci və üçüncü fazasının başa çatdırılması üçün kreditin ilin sonuna qədər ayrılacağını söyləyən bank rəsmisi alman mütəxəssislərin Azərbaycana səfər edəcəyini diqqətə çatdırmışdır: “Bankın Cənubi Qafqaz üzrə regional ofisinə yeni direktor təyin olunub və bu gün burada bizimlə birgə olan Lars Öerman avqust ayından fəaliyyətə başlayacaq”.

  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov istər KfW bankının, istərsə də digər beynəlxalq qurumların krediti hesabına reallaşdırılan layihələrdə ən son texnologiyanın tətbiq olunacağını qonaqların diqqətinə çatdırmışdır. 

  Qeyd edək ki, Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədilə Almaniyanın KfW Bankının nümayəndə heyəti 15-22 iyun 2012-ci il tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə taniş olmuş, Göygöl-Gəncə magistral su xəttinin inşası, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kopleksinə baxış keçirilmişdir.