logo

Smart-kart tipli elektron su sayğaclarının tətbiqi genişləndirilir


Yaradılıb: 03-07-2012 14:59

                    

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehklakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi məqsədi ilə tədbirləri davam etdirir. Satılan suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlanılmışdır. 

 Smart-kart tipli sayğacların quraşdıırılmasına ilkin olaraq Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə qeyri-əhali qrupu abunəçilərindən başlanmışdır. İlkin mərhələdə paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında   müxtəlif diametrli su xətlərinə 1000-dən çox ön ödənişli sayğac quraşdırılmışdır.

 Növbəti mərhələdə, əhali qrupu üzrə su sərfiyyatı böyük olan ərazilərdə, xüsusilə həyət evlərində, smart-kart tipli sayğaclar quraşdırılacaq.

 Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə ödəniş səviyyəsini 100 faizə çatdırmaq mümkün olacaq. İndi istismarda olan mexaniki sayğaclardan fərqli olaraq yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür və belə hallar baş verərsə su təchizatı avtomatik dayanacaq.

  Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

 Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı və kanalizasiya sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar vermişdir.