logo

Gənc mütəxəssislər istehsalat sahələrində olmuşlar


Yaradılıb: 29-06-2012 16:21

               

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gənc mütəxəssislərin işə cəlbi, onların biliklərinin və peşə təcrübələrinin artırılmasına xüsusi diqqət yetirir. İyunun 28-də Səhmdar Cəmiyyətin idarə və müəssisələrində çalışan 80-dən artıq gənc mütəxəssisin Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin iş prosesi ilə tanış olmaq üçün Ceyranbatan Su Kəmərləri İdarəsinə ekskursiyası təşkil olunmuşdur. İdarənin baş texnoloqu Oruc Bayramov gənc mütəxəssisləri kompleksin çökdürücü, xlorator, süzgəc, qaldırıcı nasos stansiyaları sexlərinin iş prinsipi ilə tanış edərərk onlara içməli suyun təmizlənmə texnologiyaları barədə ətraflı məlumat vermişdir.

 

Daha sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov gənc mütəxəssislərlə görüşmüşdür. Ölkə rəhbərliyi tərəfindən gənclər siyasətinə böyük önəm verildiyini deyən Səhmdar Cəmiyyətin sədri su təsərrüfatı sektorunda da gənc mütəxəssislərə geniş şərait yaradıldığını bildirmişdir: “Hidrotexniki qurğuların tikintisi zamanı ən son texnologiyanın tətbiqi, su təchizatı və kanalizasiya sistemlərinin müasir üsullarla idarə olunması, içməli su və çirkab suların laborator analizlərinin beynəlxalq standartlara uyğun aparılması üçün gənc mütəxəssislərə böyük ehtiyac var. Bakıda və regionlarda reallaşdırılan layihələrin icrasında ən son  texnologiyaların tətbiq olunması məqsəd kimi qarşıya qoyulub. Bunları nəzərə alaraq gənc mütəxəssislərin işə cəlbi, qabaqcıl təcrübənin öyrənilməsi üçün onların xaricdə təlimlərə göndərilməsi nəzərdə tutulur. Artıq iyul ayının əvvəllərində sizlərdən təşkil olunmuş 20 nəfərlik ilk qrup Türkiyəyə ezam olunacaq. Bundan başqa Almaniya şirkətləri ilə də danışıqlar aparılır və sentyabr-oktyabr aylarında burada iştirak edənlərin bir qismi Ştutqart şəhərində təcrübə mübadiləsi keçəcəklər. Sizin təcrübəli kadr kimi  yetişməyiniz üçün hər birinizin bu proqramlarda iştirakı nəzərdə tutulur”.

  Sonra gənc mütəxəssislər onlara yaradılan əmək şəraiti, istehsalat prosesində üzləşdikləri çətinliklər barədə məlumat verdilər və təkliflərini səsləndirdilər. “Azərsu” ASC-nin sədri görüşdə qaldırılan məsələlərin araşdırılması və həlli üçün müvafiq göstərişlərini verdi.