logo

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsinin 2-ci qurultayı keçirilmişdir


Yaradılıb: 23-06-2012 16:05

                            

 Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsinin (STİHİRK) 2-ci qurultayı keçirilmişdir. Qurultayda komitənin son 6 ildəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Komitənin sədri Akif Məmmədov ötən dövrdə işçilərin əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. 

 Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz  Hüseynov su  təsərrüfatı sektorunda genişmiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq bütün sahələrdə əmək şəraitinin və sosial təminatlarının yaxşılaşdırılması məsələsininə xüsusi diqqət yetirildiyini bildirmişdir: ““Azərsu” ASC-də fədakar əmək  kollektivi formalaşıb. Biz onları yaxşı  iş şəraiti ilə təmin etməyə çalışırıq. Bu işlərin görülməsində həmkarlar təşkilatı ilə ciddi əməkdaşlıq edilir. İşçilərin hüquq və mənafelərinin qorunması,  onların sosial problemlərinin həlli diqqətdə saxlanılır və bundan sonra da saxlanılacaq”.

 Qurultayda iştirak edən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev son bir ildə komitənin fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərin müşahidə olunduğunu qeyd etmişdir. O, Səhmdar Cəmiyyətdə işçilərə yaradılan əmək şəraitini, əməyin mühafizəsi və sosial təminat məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirmişdir.

 Qurultayda təşkilati məsələlərə də baxılmışdır. Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsi sədrliyinə seçkilər keçirilmiş və Akif Məmmədov növbəti müddətə komitənin sədri seçilmişdir. Qurultayın sonunda fəaliyyətində fərqlənən həmkarlar təşkilatlarının 21 üzvü mükafatlandırılmışdır.