“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların su təchizatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirləri davam etdirir. İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək məqsədilə Bakı şəhərindəki mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması davam etdirilir. 2012-ci ilin mart ayından indiyə qədər “+ 69 Şərq”, “+ 110 Qərb”, və Maştağa mərkəzi su anbarlarının yuyulması başa çatdırılmışdır. Bununla yanaşı “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilmişdir. Tərtib olunmuş qrafikə uyğun olaraq Nərimanov rayonunda 30, Binəqədidə 28, Yasamalda 27, Suraxanıda 24, Nizamidə 23, Xətaidə 9, Nəsimidə 6 və Səbail rayonunda 2 məhəllədaxili anbar yuyulub dizenfeksiya olunmuş və proses kompleks şəkildə aparılaraq ciddi nəzarət altında həyata keçirilmişdir.
Yuyulma prosesində anbarlar tamamilə boşaldılmış və onların dib hissəsi lil çöküntülərindən təmizlənmişdir. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılmış, təhlükə doğura biləcək hallar müəyyənləşdirilərək təmir-bərpa işləri aparılmışdır. Dezinfeksiya işlərindən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılmışdır.